Ressim.net

    Bu oğlanın bir zarafatı vardı. Mühazirələrdə müəllimi dinləmək əvəzinə auditoriyalardakı qızları müşahidə edər, onları özünün möhtəşəm hesab etdiyi zarafat obyektinə çevirərdi. Qaraladığı qıza tənəffüsdə yaxınlaşıb, səsinə mistik bir ifadə verməyə çalışaraq: “Mən səni istəyirəm…” – deyər, mənalı nəzərlərini qıza tuşlayıb gözləyərdi. Pauza çox vacib idi. Bu mənayla dolu pauza məcbur edirdi ki, qız qızarsın, ürəyi guppultuyla döyünsün, ağlından nişan, toy, südəmər körpə mənzərəsi kosmik sürətlə keçsin… Duyğulanmış qız buludlara pərvazlanıb uçmaq istəyən an oğlan soyuqqanlıqla: “…qrupumuzdan qovum!” – deyə sözünü tamamlayar, çaşmış qızın üzünə hırıldayaraq, onun göz yaşlarından həzz alardı. Düşmənlərinin siyahısına bir ad da əlavə olunardı.  

     Artıq birinci-ikinci kursun bütün qızları oğlanın gic zarafatından xəbərdar idi. Qızlar onu düşmən elan etmiş, ona qarşı sələb yürüşünə başlamışdılar. İmtahanlarda oğlana mane olur, cib telefonundaki nömrələrin rəqəmlərini dəyişdirir, onun adından ən qəzəbli müəllimlərə mesajlar yazırdılar. Oğlan bu qızların arasında tora düşmüş timsah idi, qoz boyda göz yaşı töksəydi, heç kim acımayacaq, əksinə, “əcəb olur sənə!” deyəcəkdilər. İncidilmiş qızların intiqam dərəcəsi hamıya məlum…    

Zarafat etmək, qızların göz yaşlarını görmək həvəsi oğlanı hər gün qıcıqlandırırdı. Artıq yuxusa da pozulmuşdu. Əgər yaxın bir-iki gündə zarafat etməsəydi, deyəsən, ölərdi, bu qədər zarafat dəlisi idi o. Amma kursda zarafat ediləsi qız qalmamışdı. Yuxarı kurslara girişməyə isə özü risq etmirdi, çünki o biri kursların oğlanları qısqanccasına oğlanın hər hərəkətinə fikir verir, hər addımını izləyirdilər. Onlar üçün oğlanı şil-küt edib, dilini kökündən qoparmaq bir içim su kimi asandı.    

İçindəki acı qıcıqlanmadan dəli olmaq dərəcəsinə gəlmiş oğlan küçəyə çıxdı. Qonşunun 16 yaşlı abituriyent qızı hazırlıqdan qayıdırdı. Qız qalın şüşəli eynəyinin altından dalğın-dalğın oğlana baxdı, deyəsən, tanımadı, ya da beynindəki düsturlara o qədər aludə olmuşdu ki, heç kimə fikir vermirdi. Oğlan qızın dalınca baxıb tüpürdü: “Bu da özünü adam sayır… Nə döşü var, nə g…”.

Amma qız oğlanın ağlından çıxmırdı. Əsil zarafat ediləsi obyekt idi. Nə onu ağladardım… Onda bilər, salamsız mənim yanımdan keçmək nə deməkdir…     

O zarafat etmək üçün məqam axtarırdı, hər gün həyətə düşüb, qızı gözləyirdi. Bəzən qız gecikəndə, oğlan hirslənər, bu axmaq harda qaldı, fikirləşərdi, yoxsa hansısa bir oğlanla danışır? Qısqanclığa oxşar bir hiss onu boğardı. Yox əşşi, kimdi ona baxan… Meymunun biridi… Hələ eynəyi…    

Bir gün qız yenə də hazırlıqdan qayıdanda, oğlan qətiyyətlə onun yolunu kəsdi. Başını aşağı salıb gələn qız oğlanın çiyninə dirənəndə, gözlərini təəccüblə qaldırdı. Oğlan elə diqqətlə qıza baxırdı ki, sanki onun üzündən keçib küçənin o biri tərəfini görmək istəyir. Oğlanın elə indicə zarafatdan həzz alacağını duyan ağlı gülürdü, amma ruhu… ruhu qalın şüşələr altındakı gözlərdən çəkilə bilmirdi. Bu məsum gözlər oğlanı ovsunlamışdı. O, qeyri-ixtiyari pıçıldadı: “Mən səni istəyirəm… “ – və susdu. Pauza.    

Pauza. Qız sakit baxışlarla oğlana baxırdı. Gözləyirdi.    

Oğlan gördü ki, günəş şüaları altında qızın saçları  parlayır…

* * * 

www.ressim.nekuaza.com
Sevgili ( Sima Ennagi ) hanimefendiye bu güzel hikayesi icin cok tsk..ediyorum…(yakup icik/Almanya)

Kaynak: http://www.simacan.azeriblog.com/ :  Zarafat (hekayə)

Bir Cevap Yazın